Xəbər lentİ


Ermənistan üçün tək şans - Bataqlıq, yoxsa aydınlıq?

10:01, 12.01.21
16
siyaset
Ermənistan üçün tək şans - Bataqlıq, yoxsa aydınlıq? Dünən Moskvada günün, ayın, hətta ilin əsas gündəmini təşkil edən bir görüş keçirildi. Azərbaycan, Rusiya və Ermənistan liderləri bir araya gələrək həm regionun, həm də buradakı dövlətlərin gələcək istiqamətini, Ermənistanın isə bundan sonrakı müqəddəratını təyin etdilər. Görüşün nəticəsi kimi qəbul edilən bəyanat isə məhz 10 noyabr bəyanatında əksini tapan məsələlərin həlli üçün konkret addımları müəyyənləşdirdi.
Çünki hər üç ölkənin başçsı regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin mərhələli bərpası ilə bağlı üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklədi. İşçi qrupu prioritet qismində dəmir yolu və avtomobil yollarını, həmçinin Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcək. Bu qrup kommunikasiyaların açılması üçün dəqiq vaxt, qrafik müəyyən edəcək və bu kontekstdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR-i birləşdirəcək koridorun təmini üçün lazımi tədbirlər görəcək.
Beləliklə, cığalçı və işğalçı xarakteri ucbatından uzun illərdir regiondan təcrid edilən Ermənistan artıq haqq yoluna gəlmiş sayılır. Və Ermənistan üçün bu yol məhz Qarabağdan, onun aid olduğu Azərbaycandan keçir. Daha öncə nədən doğru yola gəlmirdi və ya gəlmək istəmirdi?! Baxmayaraq ki, hələ Dağlıq Qarabağ və ətraf ərazilər işğal altında olanda Azərbaycan dəfələrlə bəyan etmişdi ki, işğala son ver və təcrid durumundan xilas ol. Amma Ermənistan işıqlı dünyaya əlində şamla baxdı. Közərən işıqda isə “Böyük Ermənistan” qədər ümidlər vardı. Amma Azərbaycanın dəmir yumruğu onun onurğa sütununa saplananda bütün işartılar söndü, görünən tək şey bataqlığın dibi idi...
Heç vaxt strateji düşünə bilməyən Ermənistan artıq anlayır ki, bataqlıqdan çıxmaq və acından ölməmək üçün böyüklərin dizindən yapışmaq lazımdır. Əlbəttə, bu təfəkkürlə yalnız Ermənistan keçinə bilər. Baş nazir Nikol Paşinyan bəyanatında nə dedi? Dedi ki, bizim bu gün imzaladığımız bəyanat həqiqətən çox vacibdir: “Gizlətmirəm, bu bəyanatdakı razılaşmaların reallaşması bizim regionun iqtisadi obrazını və simasını, sadəcə, dəyişə bilər. Bu istiqamətdə konstruktiv iş aparmağa hazırıq”.
Azərbaycan və Rusiya üçün isə regional təhlükəsizlik, ictimai-siyasi sabitlik və normal qonşuluq əlaqələri daim prioritet olub. Təbii olaraq, iqtisadi maraq da öz yerində. Rusiya Prezidenti Vladimir Putin bəyanatında bu görüşü son dərəcə vacib və faydalı hesab etdi. “Çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam. Əminəm ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək” - dedi.
Eləcə də Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir...
Beləliklə, bütün bunlara görə, bir ömür boyu Ermənistan həm Azərbaycana, həm də Rusiyaya minnətdar olmalıdır. Onsuz da Qarabağ mövcud Ermənistan hakimiyyəti üçün bir yük idi. Nikol Paşinyan özü etriaf etməsə də ölkəsinin daxilində qondarma da olsa başqa bir “hakimiyyət” istəmirdi, özü də onu saymayan, hesablaşmayan, əksinə təhdid altında saxlayan bir “hakimiyyət”. Bu biabırçı vəziyyət onun üçün bir növ üz qarası idi. Amma Paşinyan dövlət sütunlarının, ordunun və siyasi karizmanın məhvi hesabına bu ləkədən qurtula bildi. İndi onun üçün tək bir şans var – Azərbaycanın ərazi bütövlüyü və onun təhlükəsizliyi! Yalnız buna təhdid yaratmadığı müddətcə ölkəsini bataqlıqdan çıxara və bundan sonrakı bəlalardan qurtula bilər...

Elgün MƏNSİMOV

Fikirlər

 Oxşar xəbərlər: