Xəbər lentİ


Millət vəkili Vüqar İskəndərov:-"Bu gündən belə Fransaya olan münasibətlərinizə yenidən baxmalıyıq"

16:25, 27.11.20
31
siyaset
Millət vəkili Vüqar İskəndərov:-"Bu gündən belə Fransaya olan münasibətlərinizə yenidən baxmalıyıq" Xəbər verildiyi kimi, noyabrın 26-da Milli Məclisin növbəti plenar iclası keçirildi. iclası açan Parlament sədri Sahibə Qafarova Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonunun erməni işğalçılarından azad olunaraq Azərbaycana qaytarıldıginı bildirdi. Spiker bu münasibətlə millət vəkillərinin ürəkdən təbrik etdi və "Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun müzəffər Azərbaycan Ordusuna!" şüalarını səsləndirdi. Sədr dekabrın 1-dək Laçın rayonunun da işğaldan azad edilərək Azərbaycana qaytarılacağına əminliyini ifadə etdi...
Gündəliyin qəbulundan sonra Milli Məclisin sədri təəssüf hissi ilə qeyd etdi ki, dünən (25 noyabrda-red.) Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub və təxribat xarakterli bir qətnamə qəbul edilib. Qətnamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti kobudcasına təhrif edilib, xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa cəhd göstərilib, ölkəmizə böhtanlar atılıb. İş o həddə çatıb ki, Fransa Senatının üzvləri Fransa hökumətini artıq mövcud olmayan qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa, bölgədə 1994-cü ildə mövcud olmuş sərhədləri qaytarmağa çağırıblar.
Milli Məclis Senatın bu qətnaməsi ilə bağlı bəyanat imzaladı və deputatların yekdil səsi ilə qəbul edildi.
Məclis bitdikdən sonra millət vəkili Vüqar İskəndərova yaxınlaşıb baş verənlərlə bağlı onun fikirlərini öyrənməyə çalışdıq. Əvvəlcə 27 illik işğaldan sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə və müzəffər Ordumuzun döyüş meydanında göstərdiyi yüksək hərbi-taktiki əks-hücum əməliyyatlarının məntiqi nəticəsi olaraq Kəlbəcərin bir güllə atılmadan geri qaytarılması məsələsinə toxunan millət vəkili dedi:-
Ərazi baxımından Azərbaycanın ən böyük rayonlarından olan və dilbər guşələrindən olan, bütün mineral ehtiyatlarla, təbii sərvətlərlə zəngin olan Kəlbəcərin Ali Baş Komandanın ağıllı, müdrik, uzaqdörən siyasəti ilə qansız-qadasız, bir güllə atılmadan özümüzə qaytarılması bizim ən böyük hərbi-siyasi uğurumuzdur. Təbii ki, bütün bunlar rəşadətli Ordumuzun erməni işğalçılarına qarşı apardığı 44 günlük əks hücum əməliyyatları zamanı əldə etdiyimiz möhtəşəm qələbənin real nəticələrindən irəli gəlir. Cənab Prezidentimizin təbirincə desəm, ermənilər dəmir yumruğumuzun gücünü gördükdən sonra hərbi kapitulyasiya aktını və şərtlərimizi qəbul etməyə məcbur oldular.
Ordumuzun gücü ilə biz həm də BMT-nin 4 qətnaməsini həyata keçirdik. Kəlbəcərin hərbi-diplomatik yolla geri qaytarılmasının bir önəmi də ondan ibarətdir ki, həmin ərazidən ermənilərlə sərhədləri bağlayırıq. Eyni zamanda dekabrın 1-də Laçın rayonunun geri qaytarılması ilə işğal altındakı bütün torpaqlarımız azad olunmuş sayılır və bununla da ərazi bütövlüyumüz bərpa edilmiş hesab edilir.
Hadisələrin alt qatına nəzər saldıqda, bu qələbəni son 273 ildə (Nadir Şahdan bu yana-red.) Azərbaycan tarixinin ilki saymaq olar. Qeyd etdiyim kimi, təbii ki, bu tarixi qələbə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, cənab Prezidentimiz İlham Əliyevin adıyla və müzəffər Ordumuzun gücü ilə bağlıdı. Cənab Prezidentimizin uğurlu hərbi- diplomatik fəaliyyəti bu gün özünü bir daha bariz şəkildə sübut etdi.
Sonra millət vəkili bu uğurlarımızı həzm etmək istəməyən təxribatçı qüvvələrin canfəsanlığına toxunaraq bildirdi ki, nədənsə haqq savaşında əldə etdiyimiz uğurları gözügötürməyən qüvvələr də var ki, onların başında əfsuslar olsun ki, Fransa dayanır. Fransa indiyə qədər yeritdiyi bulanıq siyasətini bu hərəkətləri ilə açıq-aşkar dünyaya göstərməkdədir. Biz onsuz da bilirdik ki, Fransa Minsk qrupunun həmsədrlərindən biri kimi Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə münaqişənin dinc yolla həlli istiqamətində heç bir pozitiv addım atmayıb, açıqca dilə gətirməsə də, hərəkətlərində status-kvonun saxlanılmasında maraqlı idi, ermənilərə gizlində dəstək verirdi və çox halda bunu üzə də cıxarırdı. İndi isə iç üzü açıldı və Fransa Senatının siyasi əxlaqsızlıqla məşğul olduğunun dünən (25 noyabr tarixində-red) bir daha şahidi olduq. Hətta iş o yerə gəlib çatıb ki, bu məsələyə etiraz edən parlamentarilərdən heç kəsi iclasa çağırmadılar. 300-ə yaxın deputat öz aralarında absurd məsələni qəbul etdi. Əlbəttə, bu bir kağız parçasıdır və biz onu artıq zibil qabına atmışıq. Fransanın bunu düşünməyə ehtiyacı var və əminəm ki, Fransa bir dövlət olaraq növbəti çirkli oyuna rəvac verən bu qərara etiraz edəcək. Çünki, rəsmi Fransanın dövlət siyasəti bunun tam əksi olmalıdı. Ancaq təəssüflə demək olar ki, Fransa uzun illərdi bu çirkin, riyakar siyasəti həyata keçirməkdədir. Onlar bu qondarma qərarla özlərini dünya qarşısında gülünc vəziyyətdə qoydular. Əvvəla, Fransa Azərbaycanın Dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir və bu mənada ərazi bütövlüyumüzü tanıyaraqdan etdiyi indiki hərəkəti onun özünün ziddinədir. İkincisi, BMT-nin Təhlükəsizlik şurasının üzvü olaraq, Fransa məlum 4 qətnamənin qəbul olunmasına səs verib və öz səsini, öz imzasını iyrənc şəkildə təkzib edir. Biz artıq bu gündən belə Fransaya olan münasibətlərimizə yenidən baxmalıyıq. Təbii ki, uduzan tərəf Fransa olacaq, söz yox ki, onların qəbul etdiyi qondarma qətnamə tövsiyə xarakteri daşıyır və heç bir hüqüqi qüvvəyə söykənmir. Bir daha qeyd etmək istəyirəm və inanıram ki, Fransa hökuməti bu üzdəniraq qətnaməni qəbul etməyəcək. Sonda görəcəyik ki, bütun bunlar Fransanın rəsmi mövqeyi deyil. Hər halda bu ölkədə ağlı başında olan insanlar da var.

Fikirlər

 Oxşar xəbərlər: