Xəbər lentİ


ZƏFƏR BİZİMDİR

11:38, 17.10.20
13
siyaset
ZƏFƏR BİZİMDİR ADİL ƏLİYEV,
Milli Məclis Sədrinin müavini


Bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanlarında şücaət göstərir, qəhrəmanlıqlarla dolu zəfər dastanını yazır.
Baxmayaraq ki, bir neçə gün öncə rəsmi Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olmuş, hər iki tərəfin razılığı əsasında humanitar atəşkəs elan edilmişdi. Ermənistan humanitar atəşkəsin şərtlərinə heç bir gün də əməl etmədi, işğalçı ölkə üzərinə götürdüyü öhdəliyi kobudcasına pozdu və təmas xəttindən kənarda olan Azərbaycanın ikinci böyük şəhəri Gəncənin dinc əhalisi raket zərbələrinə məruz qaldı. Cənubi Qafqazın ən böyük su-elektrik stansiyası yerləşən Mingəçevir şəhəri, Goranboy, Ağcabədi, Tərtər, Bərdə rayonları intensiv olaraq atəşə tutuldu.
Daha əvvəl Xocalı soyqırımını törətmiş faşist Ermənistan mülki əhaliyə qarşı silahı yalnız bu gün işlətmir. Mənfur xislətli qonşularımız 30 ilə yaxındır ki, hər zaman bölgələrimizdə mülki əhalini hədəfə alır, fasiləsiz olaraq qətllər törədir... Ermənistanın cəbhə xətti ilə əlaqəsi olmayan ərazilərə raket zərbələri endirməsinin, mülki əhalini hədəf almasının yeganə səbəbi ölkəmizi əks-hücuma təhrik etməkdir. İstəyirlər biz də Ermənistanın digər şəhər və rayonlarını vuraq, bununla da üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və digər dövlətləri müharibəyə cəlb etsinlər. Baxmayaraq ki, artıq KTMT-yə üzv olan dövlətlər çoxdan Ermənistandan üz çevirib. Bu ilin iyul ayında da törətdikləri təxribatla əlaqədar olaraq KTMT-yə müraciət edib kömək istəmişdilər. Qurum heç Ermənistanın müraciətini nəzərə alaraq görüş belə təşkil etmədi, əksinə üzv dövlətlərdən bəziləri Azərbaycanla həmrəy olduğunu dilə gətirdi...
Bu gün artıq dünyanın bir çox dövlətlərı Azərbaycanın haqq mübarizəsini, öz müqəddəs torpaqları uğrunda savaş apardığını görür, bilir və buna görə də bizi daha yaxından dəstəkləyir, xeyrimizə bəyanatlar qəbul edirlər. Xüsusilə də, dünyanın lider dövlətlərindən biri, ölkəmizlə köklü tarixi bağlılığı olan dost və qardaş Türkiyə Çümhuriyyəti bu proseslərdə əsl qardaşlıq örnəyi ortaya qoydu.
Münaqişənin ilkin vaxtlarından dəstəyini əsirgəməyən Pakistan və Ukrayna dövlətlərinin ədalətli mövqeyi də bizim üçün olduqca vacibdir. Hazırda dünyanın bizim haqq işimizə bu səviyyədə dəstək olmasının səbəbi yalnız Azərbaycanın qüdrətli və regionda lider dövlət olması deyil, eyni zamanda ölkəmizin dürüst şəkildə yürütdüyü xarici siyasətin bariz nəticəsidir.
Biz münaqişənin sülh yolu ilə həll edilməsini uzun illər boyu gözlədik. Hər bir halda sülhün tərəfində olduğumuzu göstərdik. Bu gün bir daha qeyd edirik ki, münaqişənin diplomatik həll yoluna, beynəlxalq hüquq normalarına üstünlük veririk... Lakin mövzu artıq Vətənimiz, torpağımız, ərazi bütövlüyümüzdürsə və qarşı tərəf təcavüzkar siyasətindən heç bir vəchlə əl çəkmirsə bu halda söz artıq Azərbaycan ordusuna verilir.
Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun döyüş səhnəsində qazandığı uğurlar hər birimizi sevindirir. Demək olar ki, hər gün yeni bir ərazimizin işğaldan azad edilməsi xəbərini eşidirik. Bu qələbələrdə xalqımızın rolu da danılmazdır, insanlar artıq öz evlərinin dağılmasından, təsərrüfatlarının məhv olmasından narahat deyillər. Xalqımız ona görə rahatdır ki, dövlətin onların arxasında olmasından, daha yaxşı evlərlə təmin ediləcəklərindən, rifah hallarının yaxşılaşdırılması üçün bütün zəruri tədbirlərin görüləcəyindən əmindilər. Hamımızın yeganə məqsədi - nə olursa olsun işğal altındakı torpaqlarımızda Ermənistanın təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsidir.
Xalq-ordu vəhdəti ilə yanaşı, diplomatiyadakı uğurlarımız da baş verən müsbət proseslərin məntiqi davamıdır. Bu gün heç bir dövlət və ya beynəlxalq təşkilat haqq mübarizəsini dayandırması ilə bağlı Azərbaycana ciddi təzyiq edə bilməz, buna haqları yoxdur. Axı münaqişənin nizama salınması məqsədilə mandat almış ATƏT-in Minsk qrupunun həmsədrləri 28 ildir faktiki olaraq heç bir iş görməyiblər. Qəbul etdikləri bəyanatlarda ölkəmizin ərazi bütövlüyünü tanısalar da, Ermənistana həmin ərazilərdə işğala son qoyması ilə bağlı təsir göstərməyi bacarmayıblar. ATƏT-in Minsk qrupu bu 28 ildə ortaya bir iş qoya bilməyibsə, deməli artıq tərkibi dəyişməlidir, Habelə Minsk qrupunda təmsil olunan ölkələrdən hər hansı biri Ermənistanın mövqeyini müdafiə edirsə, deməli Azərbaycanın layiqli tərəfdaşı olan Türkiyə də o qrupda yer almalıdır...
Demək Ermənistan bu gün həm cəbhədə, həm də diplomatiyada məğlub olub. Bu bir az da belə davam etsə işğalçı ölkənin tənəzzülü qaçılmaz olacaq...
Zəfər bizimdir, zəfər xalqımızındır! Qarabağ Azərbaycandır!

Fikirlər

 Oxşar xəbərlər: