Xəbər lentİ


Laçında rekreasiya, içki sənayesi və turizm üçbucağı yaradıla bilər

10:45, 01.12.20
39
iqtisadiyyat
Laçında rekreasiya, içki sənayesi və turizm üçbucağı yaradıla bilər Laçının kifayət qədər geniş olan rekreasiya imkanlarının və regionun mineral su ehtiyatlarının mövcudluğu içki sənayesində yeni emal güclərini ortaya çıxaracaq.
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, rayon ərazisində olan İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı və zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirəcək:
"Biz bu imkanlardan istifadə edərək rayonda "içki sənayesi-turizm-rekreasiya” üçbucağının yaradılmasına nail ola bilərik. Əgər bunu müasir tələblərə uyğun şəkildə qura bilsək, bu üçbucaq zəncirvari reaksiya effekti ilə turizm üçün daha cəlbedici amilə çevriləcək".
E.Əmirov əlavə edib ki, Laçın əhatə etdiyi ərazilərə görə Azərbaycanda 8-ci inzibati rayon olmaqla böyük strateji-iqtisadi əhəmiyyətə malikdir. Laçin eyni zamanda Kəlbəcər-Laçın iqtisadi rayonunun ən inkişaf etmiş rayonu, Laçın şəhəri isə iqtisadi rayonun önəmli şəhəri hesab edilir.
Mütəxəssis bildirib ki, Laçın rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq təşkil edib. İşğaldan sonra da qoyunçuluq, maldarlıq və arıçılıq təsərrüfatlarını yaratmaqla bu sahələri rayonun iqtisadi inkişafında aparıcı sahələrdən birinə çevirmək olar. Bununla paralel kənd təsərrüfatının əkinçilik və bitkiçilik potensialından da maksimum yararlanmaq lazımdır.
İqtisadçının sözlərinə görə, Kəlbəcər kimi Laçında da civə, mişar daşı, üzlük daşı, tikinti daşı, gil, qum-çınqıl, pemza, vermukulit, vulkan külü, əqiq, jad kimi çox növlü faydalı qazıntı ehtiyatlarının olması bu rayonun iqtisadi potensialını artırır. Hər iki rayonun qonşu olması ehtiyatların hasilatdan sonrakı emal proseslərində birgə işlənmənin tətbiqinə imkan verəcək ki, bu da rentabellik göstəricilərinin yüksəldilməsinə şərait yaradacaq.
E.Əmirov hesab edir ki, Qarabağın, eləcə də ətraf rayonların Ermənistanla əlaqəsinin Laçın üzərindən edilməsi buranın iqtisadi təşəkkülünə öz təsirini göstərəcək:
"Bizim "Laçın dəhlizi” kimi tanıdığımız yol əslində Yerevan-Gorus-Laçın-Şuşa-Xankəndi yoludur. Kəlbəcər və Qubadlı kimi digər rayonlar da bu yola birləşir. Perspektivdə bu yolun daha da genişləndiriləcəyini və rus sülhməramlılarının bu dəhlizdə əbədi qalmayacağını, tədricən münasibətlərin fərqli istiqamətdə inkişaf edəcəyini nəzərə alsaq, deyə bilərik ki, bir müddət sonra Laçın ticarət fəaliyyətlərindən bəhrələnən bir rayon olacaq. Çünki bu gün daha çox hərbi münaqişədə adı hallanan bu marşrut bir gün öz təyinatını ticari münasibətlərə və yükdaşımaya dəyişəcək. Bu gün bu mənzərəni təsəvvür etmək çətin olsa da, amma tarix bunu göstərir ki, belə keçidlər, əvvəl müharibələrə, sonra ticarətə xidmət edir. Məsələn, illərboyu müharibələrin xidmətində duran Xudafərin körpüsü artıq təyinatını çoxdan dəyişib. Odur ki, Qarabağın, eləcə də ətraf rayonların Ermənistanla əlaqəsinin bu cografiya üzərindən edilməsi buranın iqtisadi təşəkkülünə öz təsirini göstərəcək. Çünki burada təkcə əmtəə bazarının yüksəlişi deyil, eyni zamanda kontraktasiya müqavilələrinin bağlanması üçün çox əlverişli mühit yaranacaq".

Fikirlər

 Oxşar xəbərlər: