Xəbər lentİ


“Korrupsiyaya qarşı mübarizə amansız olacaq” – DTX-nın son əməliyyatından alınan mesaj....

16:33, 21.12.19
10
iqtisadiyyat
“Korrupsiyaya qarşı mübarizə amansız olacaq” – DTX-nın son əməliyyatından alınan mesaj.... Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin DTX tərəfindən həbs edilməsi son iki günün ən çox müzakirə edilən olayları sırasındadır. Həyata keçirilən bu əməliyyatın önəm və rolunu artıran əsas məqam isə həbs edilən şəxsin kifayət qədər yüksək vəzifədə təmsil olunması ilə bağlıdır.

Xatırladaq ki, bir çox hallarda korrupsiyaya qarşı mübarizənin yalnız xırda məmurlara qarşı yönəldiyi, iri məmurların bu mübarizədən kənarda qaldığı ilə bağlı sosiual şəbəkələrdə, habelə bəzi media orqanlarında zaman-zaman çoxsaylı fikirlər səsləndirilib. Lakin Ağstafa Rayon İcra Hakimiyyəti başçısı ilə bağlı atılan bu addım korrupsiyaya qarşı mübarizə ilə bağlı ölkə başçısının ortaya qoyduğu iradənin kifayət qədər qəti olduğunu, bu məsələdə kimsənin istisnalıq təşkil etmədiyini, habelə DTX-nın ölkə başçısı tərəfindən onun qarşısına qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə qadir olduğunu göstərdi.

Moderator.az-a açıqlamasında DTX-nın həyata keçirdiyi son həbslərə münasibət bildirən hüquqşünas Əliməmməd Nuriyev, korrupsiyaya qarşı mübarizədə atılan bu kimi addımların mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:

“Korrupsiya cinayətlərinə yol verən şəxslərin hansı vəzifədə təmsil olunmalarından asılı olmayaraq, məsuliyyətə cəlb olunması olduqca vacibdir. Korrupsiya mühitini yaradan hallar ortadan qalxmalıdır. Korrupsiya cinayətlərinin qarşısının alınması üçün qabaqlayıcı addımlaırn həyata keçirilməsinə də böyük ehtiyac var. Bununla bərabər, inzibati tədbirlərin həyata keçirilməsi də vacibdir. O şəxs ki, korrupsiya cinayətinə yol verir, mütləq cəzanın labüdlüyü prinsipi təmin olunmalıdır. Həmin şəxs məsuliyyətə cəlb olunmalıdır.

Cənab prezident mesajlarında çox aydın şəkildə bu istiqamətdə tapşırıqlar verib. Doğru-dürüst işləmək, vəsaitlərdən qənaətlə istifadə etmək, sahibkarlara şərait yaratmaq, onlardan hər hansı qanunsuz tələbetmələrə yol verməmək və s. ilə bağlı ciddi mesajlar səsləndirib. Ölkə başçısı bu yöndə qəti və sərt tapşırıqlar verib. Həmçinin, bəyan edib ki, korrupsiyaya qarşı mübarizə bütün sahələrdə güclənəcək.

Bu, həm vəzifəyə yeni təyin edilən, həm də ümumiyyətlə, vəzifədə olan bütün məmurlara aiddir. Ağstafa Rayon İcra Hakimiyyəti başçısı ilə bağlı atılan bu addım ortaya qoyulan iradənin nə qədər qəti və dönməz olduğunu bir kəs daha ortaya qoydu.

Ölkə başçısı öz mesajlarında həm də bildirmişdi ki, qanunsuzluğa yol verən şəxslər keçmişdəki xidmətlərindən asılı olmayaraq cəzalanacaqlar. Bu əməliyyat korrupsiyaya qarşı mübarizənin dərinləşməkdə olduğunu göstərir.

Həbs edilən şəxslər kifayət qədər yüksək vəzifəyə malik şəxslərdir. Bu onu göstərir ki, qanunsuz əməllərə yol verən şəxslərə heç bir güzəşt olmayacaq. Korrupsiyaya qarşı mübarizə sərt və amansız olacaq”.

Fikirlər

 Oxşar xəbərlər: