Xəbər lentİ


Hacı Məmmədov cinayət işinin yenilənməsilə bağlı bir daha şikayət etməyəcək

17:28, 14.03.16
196
hadise
Hacı Məmmədov cinayət işinin yenilənməsilə bağlı bir daha şikayət etməyəcək Adam oğurluğu və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilən, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov vəkili ilə görüşüb.
Bu barədə H.Məmmədovun vəkili Afət Qazıyeva açıqlama verib.
Vəkil bildirib ki, görüşdə o, müvəkkili ilə Ali Məhkəmənin qərarını müzakirə edib: "Ali Məhkəmə Hacı Məmmədovun barəsindəki cinayət işinin yenilənməsi ilə bağlı müraciəti baxılmamış saxladı. Səbəb isə işdə yeni halın olmamasını əsas gətirdi. Qərarın surəti Hacı Məmmədova təqdim edilib. Bu məsələni müzakirə etdik. Hacı Məmmədov dedi ki, mən bundan artıq heç yerə şikayət etməyəcəm. Bildirdi ki, o bu barədə aidiyyəti qurumların hamısına müraciət edib və işdəki yeni halları da göstərib".
A.Qazıyeva bildirib ki, H.Məmmədovun cinayət işinin yenilənməsi üçün Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğa etdiyi müraciətlərdən də heç bir xəbər yoxdur.
H.Məmmədovun səhhətində problemlərin olduğunu deyən vəkil qeyd edib ki, görüş zamanı onun səhhəti və saxlanma şəraiti ilə də maraqlanıb: "Onun saxlanma şəraiti normaldır, heç bir şikayəti yoxdur. Amma səhhətində problemlər var, o, bir neçə xəstəlikdən əziyyət çəkir. Onun səhhəti ilə bağlı təcridxanaya həkimlər dəvət olunub, yoxlanılıb və müvəkkilim hazırda müalicə alır".
Qeyd edək ki, ötən il oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra H.Məmmədov barəsində olan cinayət işinin yenilənməsi və işdə yeni hal olması ilə bağlı Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə və Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmə müraciəti plenuma çıxarmayaraq işi baxılmamış saxlayıb.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.
H.Məmmədov hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır.

Fikirlər

 Oxşar xəbərlər: