Xəbər lentİ


AĞSTAFADA MÜƏMMASIZ ÖLÜM

15:57, 22.02.16
11518
gundem / hadise
AĞSTAFADA MÜƏMMASIZ ÖLÜMOna görə müəmmasız ki, onun ölümünə bais olanlar gün kimi aydındır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparanlar heç də hər iki məfhuma yuvarlananları cəzalandırmırlar. Onların “ilişdirdikləri” cüzi bir əmək haqqı ilə ailəsini zorla saxlayanlar olur. Ehtiyac içərisində olduqlarından əllərini manata uzadan kimi korrupsiyada suçulanırlar.

Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri işləmiş, mərhum Fərhad Vəliyev də kişiliyin, mənəmliyin və qeyrətin qurbanına çevrildi. İlk dəfə pedaqoji fəaliyyətə sabiq Qazax Rayon Maarif şöbəsində metodist, sonra Ağstafa Rayon Qaçaq Kərəm orta məktəbində direktor, daha sonra Ağstafa şəhər 2 saylı orta məktəbində direktor işləyən Fərhad müəllim həmişə işinə diqqəıtli, tələbkar və verilən tapşırıqlara layiqincə əməl edən bir şəxs olub. Onun işlədiyi məktəblər təlim və tədrisin keyfiyyətinə görə birinci olub. O, bu xidmətlərinə görə irəli çəkilərək Ağstafa Rayon Təhsil Şöbəsinə müdir təyin edilib. Kaş ki irəli çəkməyəydilər…

Fərhad Vəliyev təhsil şöbəsinin müdiri işlədiyi 4 il müddətində məktəblərdə olan gerilik aradan qaldırılaraq, Ağstafa Rayon Təhsil Şöbəsi adicə ötən il tələbə qəbuluna görə Qərb bölgəsində birinci, TQDK-nın siyahısında isə yuxarı pillədə dayanıb. Onun dövründə Ağsafa təhsilində nizam-intizam güçlənib, şagirdlərin bilik və bacarıq səviyyəsi artıb. Bu minvalla Ağstafa Rayon Təhsil Şöbəsinin nüfuzu təhsil nazirliyində də xüsusi diqqətdə olub və Fərhad Vəliyevin əməyi həmişə qiymətləndirilib. Kaş burada da qiymətləndirilməyəydi…

Belə ki, Fərhard müəllimin təhsil sahəsində bacarığına, savadına, təşkilatçılığına, uğularına, təhsil nazirliyində xüsusi hörmətinə baxmayaraq, açıqca kişini “vurdular”. Bu proses necə oldu?

Demək, ötən ilin sonlarında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Fərhad müəllimi yanına çağıraraq 6 nəfər məktəb direktorunun işdən azad edilməsini tələb edir. Fərhad müəllim də başçıya cavabında, onun dedikləri məktəb direktorlarının layiqli təhsil işçiləri olduğunu və bunun mümkün olmadığını bildirir. Elə məsələ də buradaca qızışır. Məhərrəm Quliyev elə isə özünün ərizəsini yazmağı tələb edir. Fərhad Vəliyev təhsildə yüksək göstəricilərinə güvənərək məsələ ilə bağlı təhsil nazirliyi ilə əlaqə yaradır və icra başçısının haqsız təzyiqləri ilə əlaqədar nazirliyə yazılı şikayət verir. Fərhad müəllim haqqın qalib gələcəyinə inandığı halda, əks olaraq heç nə düşünmür. İcra başçısı Məhərrəm Quliyev də Allahdan və “şeytandan” qorxmadan təhsil nazirliyinə çıxaraq Fərhad Vəliyev haqqında olmazın ifadələr işlədir. Nazirlik isə Fərhad Vəliyevi tanıya-tanıya, onun təhsildə xidmətlərini bilə-bilə, rayon təhsilinin yüksək göstəriciləri əlinin altında ola-ola icra başçısının dediklərinə inanır. Təhsi nazirliyini əməkdaşları Fərhad müəllimlə əlaqə saxlayaraq, icra başçısını eşitməyi təklif edirlər. Bir neçə ay yazışmadan sonra, təhsil nazirliyi əsasız olaraq icra başçısının dedikətrinə bəraət qazandırır və Fərhad Vəliyev işindən kənarlaşdırılır. Onu Ağsatafa Şəhər Ə. Hüseynov adına 1 saylı tam orta məktəbinə direktor təyin edirlər. Cəmi bir neçə ay bu məktəbdə işləyən Fərhad Vəliyev haqsız təzyiqlərə, icra başçısı tərəfindən başına gətirilən oyunlara dözməyərək ürək ağrısı tapır. Elə məktəbdə infarkt keçirən Fərhad Vəliyev xəstəxanaya yerləşdirilir. Bir neçə gün komda qalan Vəliyevi icra başçısı Məhərrəm Quliyevin haqsızlıq yükü dünyasını dəyişməyə məcbur edir. Onu da qeyd edək ki, icra başçısının Fərhad Vəliyevə 6 nəfər məktəb direktorunun çıxarılması və yerinə yenilərinin təyin edilməsi qeyri-rəsmi zor-zoranə göstərişi maddi maraq çərçivəsində olmuşdur. Belə çıxır ki, icra başçısına təcili pul lazım imiş. Fərhad Vəliyev təhsilin müdiri vəzifəsindən çıxarılmamışdan qabaq bizə danışdıqlarını mətbuata verilməməsini də xahiş etmişdi. Biz də kişi sözü ilə bu günə kimi vədimizə sadiq qalmışdıq.

Bu gün isə Ağstafa əhalisinə Fərhad Vəliyevin vaxtsız ölümü çox pis təsir edib.Bu acı məsələni mahiyyəti ilə rayonun hər bir ziyalısı yaxşı bilir.

P.S. Ağsatafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev son illər mətbuatın manşet səhifəsinə çıxıb. Hər gün mətbuatı izləyən Prezident aparatının reaksiyasızlığı, başçının isə öz bildiklərini etməsi ictimaiyyət arasında bir mənalı qiymətləndirilmir. Məhz elə xalqı da hökümətdən narazı salan Məhərrəm Quliyev kimi icara başçılarıdır. Gözəl ziyalı, bacarıqlı pedaqoq, təvazökar və qayğıkeş insan mərhum Fərhad Vəliyevin müəmmasız ölümü də Məhərrəm Quliyevin ən böyük günahlarından biridir.

Allah-Təala Məhərrəm Quliyevə insaf, Prezident aparatından tədbir görmək imkanı, Fərhad Vəliyevə isə qəni-qəni rəhmət eləsin!

Fikirlər

 Oxşar xəbərlər: