Xəbər lentİ


İlham Əliyevin şərtləri dəyişməzdir

11:48, 07.10.20
16
gundem / siyaset
İlham Əliyevin şərtləri dəyişməzdir Torpaqlarımız tam azad olunana qədər savaş davam edəcək

Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi ordumuzun uğurlu döyüş əməliyyatları ilə davam edir. Ermənistanın ön xətdəki mövqeləri ilk gündən yarılıb, inamla irəliləyən ordumuz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, döyüş texnikalarını və infrastrukturunu, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etməkdədir. Düşmənin yaşadığı fəlakət tarix boyu ona ən böyük dərs olacaq.

İşğalçını öz adı ilə çağırmayanlar yenidən mənasız danışıqlara çağırırlar

Cəbhə xəttində sentyabrın 27-də Ermənistanın növbəti təxribatının rəvac verdiyi döyüşlərin başlamasından sonra ayrı-ayrı beynəlxalq təşkilatlar, bəzi dövlətlər tərəfləri atəşi dayandırmağa, problemi danışıqlar masası ətrafında həll etməyə çağırırlar. Bu həmin təşkilatlar və dövlətlərdir ki, 30 ilə yaxın müddətdə bir dəfə də olsun Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini dilə gətirməyiblər. Dövlətlərin ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi beynəlxalq hüququn əsas normalarından biridir. Amma həmin beynəlxalq təşkilatlar deklorativ bəyanatlar istisna olmaqla bir dəfə də olsun Ermənistanın bu normanı pozmasına görə kəskin etirazlarını bildirməyiblər, işğalçıya qarşı təsirli mexanizmlərin işə salınmasında maraqlı olmayıblar.
Ermənistan-Azərbaycan münaqişəsinə dair ən mühüm sənədlər BMT Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələb edilir.
BMT TŞ-nin sədrləri Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyən bəyanatlarla çıxış ediblər. BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul olunub və bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilib.
Bütün bunlar problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edən beynəlxalq hüquqi normalardır. Lakin BMT kimi mötəbər bir təşkilatın qətnamələri 27 ildir kağız üzərində qalıb. İndiyə qədər bu təşkilat Ermənistana qarşı təsirli mexanizmlərin işə salınmasına maraq göstərməyib. Baxmayaraq ki, BMT-nin ayrı-ayrı dövlətlərlə bağlı qətnamələrinin ən qısa vaxtda icra olunmasına dair təcrübədə nümunələr mövcuddur.

Azərbaycan daha 30 il gözləmək fikrində deyil

Ermənistanın təxribatı nəticəsində yeni savaşın başlanmasından sonra isə bəzi təşkilatlar və dövlətlər əl-ayağa düşərək tərəfləri danışıqlar masasında oturmağa çağırır. Amma sual olunur, problem indiyə qədər danışıqlar yolu ilə həll edilməyibsə, bundan sonra danışıqların müsbət nəticə verməsi mümkündürmü? 1994-cü ildə başlanan danışıqların əsas leytmotivi Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmasıdır. Amma 26 ildə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda heç bir irəliləyiş olmayıb. Paşinyanın "Qarabağ Ermənistandır” deməsi isə ümumiyyətlə danışıqların mənasız olduğunu göstərdi. Bütün bunlar indi Azərbaycanı danışıqlara çağıran dövlətlərin şahidi olduğu proseslərdir. Lakin heç biri Ermənistanın bu prosesi pozmasına, son dövrlərdə artan hərbi ritorikasına, Azərbaycan qarşısında 7 şərt qoymasına, Şuşada qondarma rejim üçün andiçmə mərasimi keçirməsinə, "Yeni ərazilər üçün yeni müharibə” konsepsiyası irəli sürməsinə, Tovuza hücum etməsinə, Goranboya diversiya qrupu göndərməsinə, Livan ermənilərini işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirməsinə kəskin münasibət bildirmədilər.
Bütün bunlar öz növbəsində göstərdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yalnız güc yolu ilə mümkündür. Çünki danışıqların pozulması və Ermənistanın işğalçı siyasətini genişləndirmək planları başqa yol qoymur. Prezident İlham Əliyev problemin danışıqlar yolu ilə həllinə dair son günlərdə edilən çağırışlara münasibət bildirərkən deyib: "Mən çox eşidirəm münaqişənin hərbi yolla həlli yoxdur. Birincisi, mən bununla razı deyiləm. İkincisi, yaxşı, əgər hərbi həll yolu yoxdursa, bizə qeyri-hərbi həll yolu verin, bizə diplomatik həll verin. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edin. Onlar dünyanın ən ali beynəlxalq qurumu tərəfindən qəbul olunub və bu qətnamələr erməni qoşunlarının işğal olunmuş ərazilərdən heç bir şərt olmadan çıxarılmasını tələb edir. Biz 1992-ci ildən bu yana danışıqlar aparırıq və bu 28 il ərzində hər hansı diplomatik həll olubmu? Vasitəçilər və ya digər beynəlxalq təşkilatlar bizə siyasi həll təqdim ediblərmi? Xeyr. Onlar bu münaqişəni dondurulmuş etdilər. Lakin o dondurulmuş deyil. Biz nə qədər gözləməliyik? Daha 30 il?”

Ermənistanın yeganə çıxış yolu İlham Əliyevin şərtlərini qəbul etməkdir

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan əzəli ərazilərimiz olan Dağlıq Qarabağda ikinci Ermənistan dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Eyni zamanda həmişə bəyan olunub ki, Azərbaycanın həyata keçirdiyi modern ordu quruculuğunun əsas məqsədlərindən biri sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə işğal altındakı torpaqlarımızın müharibə yolu ilə azad olunmasıdır.
Bu gün Azərbaycan Ordusu bu məqsədlərdən irəli gələrək öz müqəddəs missiyasını uğurla yerinə yetirməkdədir. Düşmən illərdir işğal altında saxladığı, talan etdiyi torpaqlarımızda məhv edilir, layiq olduğu tarixi cəzasına çatır. Ordumuz əks-əməliyyatlara başladığı ötən günlər ərzində Ermənistan ordusunun illərdir möhkəmləndiyi bütün əlverişli mövqeləri azad edib. Düşmənin Dağlıq Qarabağdakı hərbi imkanları əhəmiyyətli dərəcədə məhv olunub. Bu gün Paşinyan ayrı-ayrı dövlət və hökumət başçılarına yalvarır, Azərbaycanı danışıqlar masasına qayıtmağa razı salmaq üçün bütün günü telefonlardan asılı qalıb.
İlham Əliyevin şərtləri dəyişməzdir. "Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, "Qarabağ Ermənistandır”, Azərbaycan xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır. Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir. O halda təbii ki, atəşkəs bərpa olunacaq və beləliklə, bu məsələ müzakirə yolu ilə həll olunacaq, Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdacaq”, - deyə Prezident İlham Əliyev bəyan edib.
Bəli, bu gün şərtləri İlham Əliyev diktə edir. İndi Ermənistan başa düşür ki, torpaqları işğal etməyin axırı hara gətirib çıxarır. Paşinyan dərk edir ki, Azərbaycana qarşı "Yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının, 7 şərt irəli sürülməsinin axırı necə olur. Ona görə indi Ermənistanın vəziyyətdən yeganə çıxış yolu nə qədər gec deyil İlham Əliyevin şərtlərini qəbul etməkdir. İlham Əliyevin şərtləri isə dəyişməzdir: Torpaqlarımız tam azad olunana qədər savaş davam edəcək. Və bu müharibə Ermənistan üçün elə başa çatacaq ki, yarası tarix boyu sağalmayacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Fikirlər

 Oxşar xəbərlər: