Xəbər lentİ


Musa Quliyev mədəniyyət idarəsinin rəisini qınadı: “Heç kimə bildirməyib”

19:38, 15.05.20
25
gundem / sosial
Musa Quliyev mədəniyyət idarəsinin rəisini qınadı: “Heç kimə bildirməyib” “Rafiq Bayramovun göstərişi ilə Gəncədəki 21 musiqi məktəbinin 15-dən pul yığırdım”.

milletinsesi.info-ın məlumatına görə, bunu Gəncə regional mədəniyyət idarəsinin rəisi Sənan Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatın əks etdirildiyi videogörüntülərdə deyib.

O bildirib ki, hər məktəbdən 1000 manat pul yığılırdı və bu vəsaitin doqquz min manatını mədəniyyət nazirinin müavini R.Bayramova şəxsən özü təqdim edib.

Milli Məclisə Gəncədən deputat seçilən Musa Quliyev milletinsesi.info-a mövzu ilə bağlı danışarkən qeyd edib ki, Gəncədə mədəniyyət sahəsində xeyli işlər görülüb.

“Amma bu, yerli icra hakimiyyəti orqanlarının təşəbbüsü ilə reallaşıb”, - deyə M.Quliyev əlavə edib.

Deputatın sözlərinə görə, Sənan Hacıyevin etiraflarına baxdıqdan sonra təəssüflənib.

“Sənan Hacıyevin söylədiklərini dinlədim və çox təəssüf edirəm ki, belə hadisə baş verib. Onlar bu qanunsuz əməllər barədə kiməsə bildirməyib”, - deyə M.Quliyev əlavə edib.

Deputat bildirib ki, bir sıra regional mədəniyyət idarələrinin rəisləri (Şəmkir, Gəncə və Sumqayıt - red.) DTX-nin əməliyyatı ilə tutulan mədəniyyət nazirinin müavini Rafiq Bayramovla əlbir olublar.

“Düşünürəm ki, onlar da eyni məsuliyyəti daşıyacaqlar”.

Qeyd edək ki, DTX mayın 8-də məhkəmənin qərarı əsasında mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlarda əməliyyat keçiriblər.

Baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

R.Bayramov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Z.Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə maddələri ilə təqsirli bilinir. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamlarla hər iki şəxs vəzifələrindən azad olunub.

Fikirlər

 Oxşar xəbərlər: