Xəbər lentİ


Makarenko adına Gimnaziyada dövlət vəsaiti belə “yuyulub içilir”-NONSES

21:59, 08.02.20
11
gundem / tehsil
Makarenko adına Gimnaziyada dövlət vəsaiti belə “yuyulub içilir”-NONSES
“Azərbaycanda satınalmalarla bağlı yeyinti yüksək səviyyədədir və qanunda nəzərdə tutulan hallar həyata keçirilmir”.

Bunu bir müddət əvvəl mediaya açıqlamasında hüquqşünas Fərhad Mehdiyev deyib. O bildirib ki, qanunda nəzərdə tutulan hallar həyata keçirilərsə, tenderlər şəffaf olarsa, bu sahədə olan yeyintinin səviyyəsini xeyli aşağı salmaq mümkündür. Hüquqşünas deyir ki, ilk olaraq elektron satınlalma sistemini həyata keçirmək lazımdır.
“Elektron satınalma odur ki, bütün satınalmalar e-tender.gov.az saytında yerləşdirilir. İndi qısa məlumat verilir ki, tenderi kim keçirir və nə haqqındadır. Amma təfsilatlı heç bir məlumat mövcud deyil”.
Tendrlərlə bağlı ictimai rəyin də yumşaq desək birmənalı olmaması hər kəsə bəllidir... Mütəxəssislərin, müxtəlif iş adamlarının bu mövzudakı tənqidi yanaşmalarına mediada tez-tez rast gəlinir.
Bir müddət əvvəl deputat Vahid Əhmədov da dövlət satınalmaları ilə bağlı narahatlığını bildirdi: "Neçə ildir biz Milli Məclisin iclaslarında dövlət satınalmaları ilə bağlı məsələrə toxunuruq ki, burada şəffaflıq yoxdur, tenderlər keçirilmir, müəyyən qurumlar birbaşa satınalmalarla məşğul olurlar, amma bu yenə də təkrar olunur".
Onun sözlərinə görə, burada çox ciddi qərarların qəbul edilməsinə ehtiyac var.
“Satınalmalar ilə məşğul olan bütün icra hakimiyyəti orqanları özləri tendersiz bütün məsələləri necə istəyir həll edir. Nöqsanlar həddindən artıq çoxdur. Yenə də tenderlər keçirilmir, Tender Komissiyasının təyinatında müəyyən insanları daxil edirlər”.

Dövlət başçısı 9 ayın yekunlarına həsr olunan iqtisadi müşavirədə də dövlət vəsaitlərinin xərclənməsi istiqamətində problemlər olduğunu, xərclərin şişirdildiyini vurğuladı. Bu və bu kimi narahatlıqlar, həyəcan dolu yanaşmalar başadüşüləndir. Söhbət büdcə vəsaitindən, dövlətin pulunun necə xərclənməsindən gedir.

Dövlət vəsaiti su pulu adı ilə belə xərclənir

Yenixeber.org-a bu istiqamətdə yeni məlumatlar daxil olub. Məlumatlarda Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyanın texniki və içməli suyun satın alınması ilə bağlı dövlət vəsaitinin xərclənməsindən bəhs olunur. Daha doğrusu bir sıra suallara yol açan detallar sadalanır. Bəlli dairələrdən yenixeber.org-a daxil olan məlumata görə Gimnaziyanın su təminatı ilə bağlı 23.01.2020-cil tarixdə müqavilə bağladığı “SANTORQ” MMC-nin nəinki lazımı baza və maddi-texniki imkanları yoxdur, ümumiyyətlə bu şirkəti “tanıyıram” deyən bir kimsə tapmaq müşkül məsələdir. Xatırladım ki, A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziya“SANTORQ” MMC ilə bir gündə iki müqavilə bağlayıb. Birinci müqavilə ilə şirkət təhsil müəssisəsini 10800 manat qarşılığında texniki su ilə, ikinci müqavilə ilə isə şirkət təhsil müəssisəsini 21500 manat qarşılığında içməli su ilə təmin etməlidir…
Əldə etdiyimiz məlumata görə müqavilədə müddət göstərilmir. Başqa sözlə bəhs olunan su təminatı bir il də ola bilər, yarım il də... Maksimum bu müqavilələrin bir illik olduğunu nəzərə alsaq, bu rəqəmlər yumşaq desək təəccüblü görünmürmü? Bir orta təhsil məktəbi il ərzində texniki suya 10800 manat, içməli suya isə 21500 manat dövlətin pulunu xərcləyir(?) Nəzərə alsaq ki, ilin üç aya yaxını bu məktəb fəaliyyətsiz olur, onda təəccübümüz birə beş artmış olur. Əcəba, söhbət hansısa populyar şadlıq sarayından deyil, orta təhsil məktəbindən gedir…
***
Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır. Həmçinin qalib şirkətin təsis olunmasından 3 il zaman ötməsi də şərtlər sırasında yer alır.
Biz də müəyyən suallara cavab almaq səbəbindən “SANTORQ ” MMC ilə əlaqə yaratmağa çalışdıq. Belə bir müsabiqənin qalibi olan şirkət haqqında internet üzərindən axtarış cəhdlərimiz nəticəsiz oldu. Nə bir əlaqə vasitəsinə, nə bir "izinə-tozuna" rast ola bilmədik.
İnternet üzərindən heç bir əlaqə vasitəsinə rast olunmayan şirkətlə əməkdaşlığın bəzi detallarına aydınlıq gətirmək istəyi ilə ötən ayın 31-də və bu ayın 3-də A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyanın direktoru cənab Murad Əlizadəyə online sorğu ünvanladıq. Təəssüf ki, o gündən bu günə sorğumuza cavab ala bilmədik. Telefon cəhdlərimiz də nəticəsiz oldu... Səbəb bizim üçün anlaşılmaz olaraq qalır: cənab Murad Əlizadə tərəfindən mətbu sayqısızlıqmı?, yazılası cavabın yoxluğumu, yoxsa...?
Mövzu diqqətimizdədir.
Gundemxeber.Az

Fikirlər

 Oxşar xəbərlər: