Xəbər lentİ


XƏZƏR TV NƏDİRSƏ, “AY ZAUR” DA, MUŞQULAT DA ODUR“- Məhərrəm Qasımlı

21:53, 08.02.20
12
gundem / medeniyyet
XƏZƏR TV NƏDİRSƏ, “AY ZAUR” DA, MUŞQULAT DA ODUR“- Məhərrəm Qasımlı "Zaur Kamalın yanına müavinimi göndərdim ki, Muşqulatın çıxışlarına son qoysun, amma...”
“Xəzər” TV-də Zaur Kamalın aparıcısı olduğu “Beşdə-beş” verilişində Muşqulat obrazıyla çıxışlar edən şəxsin sazla səhnəyə çıxması insanların haqlı narazılığına səbəb olub. Cəmiyyətin ziyalı və aydınları qədim alətimiz olan sazın bu şəkildə təbliğ olunmasının yolverilməz olduğunu bildiriblər və Azərbaycan Aşıqlar Birliyinin “Xəzər” TV-ə nota göndərməsinin vacibliyini vurğulayıblar.
Moderator.az saytı ziyalıların xahişini nəzərə alıb Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı ilə əlaqə saxlayıb. M.Qasımlı açıqlamasında bildirib ki, məsələylə bağlı Zaur Kamala xəbər yollasa da, o, buna məhəl qoymayıb və yenə öz bildiyini edib: ““Xəzər” TV uzun müddətdir ki, Azərbaycan milli-mənəvi dəyərlərinə zərbə vuran televiziyalardan biridir. Düşünürəm ki, bu televiziyayla bağlı tədbir görüləcək. Təkcə söhbət Muşqulatdan getmir. Bu televiziyada “Ay Zaur” kimi ayrı bir təlxəyin apardığı veriliş var və bildiyim qədəriylə onlar hər ikisi Gədəbəylidir, yəni saz bölgəsindəndir. Mən onları dünyagörüşü olan adamlar kimi təsəvvür edirəm. Amma bir başqasının əliylə bu cür təlxəklik etmələri yolverilməzdir. Hesab edirəm ki, burda üç obraz var bunlar da “Xəzər” TV, “Ay Zaur” və Muşğulatdır. Onların üçü də bir-birinin sinonimidir, Xəzər TV nədirsə, “Ay Zaur” da, Muşqulat da odur. Bu mənada onların ayrı-ayrılıqda fərqləri bilinməlidir.
Bu gün Azərbaycanın hər bir bölgəsindən, hətta Təbrizdən də zəng vurub deyirlər ki, Məhərrəm müəllim, bu nə biabırçılıqdır? Mən özüm dayana bilmirəm, dəfələrlə müraciət etmişik və hətta Zaur Kamalın yanına müavinim Altay Məmmədlini göndərdim ki, Muşqulatın çıxışlarına son qoysun, amma o, buna məhəl qoymadı və mən belə başa düşdüm ki, bu obraz elə “Ay Zaur”un öz obrazıdır. Əslində sazın, aşıqlığın elə bir obrazı mövcud deyil. Milli varlığı aşağılamaqdan başqa bunun hər hansı bir adı yoxdur və bunun cəzasını biz özümüz verməliyik və Allah da verəcək. Aşıq sənəti Tanrının nəzərində olan, himayə olunan bir sənətdir və bu sənəti gözdən salanlar və aşağılayanlar öz cəzasını almalıdır”.

Fikirlər

 Oxşar xəbərlər: