Xəbər lentİ


Fikrət Məmmədov: Hər bir demokratik cəmiyyətdə müstəqil məhkəmə hakimiyyəti müstəsna rol oynayır

19:16, 24.11.19
17
gundem / sosial
Fikrət Məmmədov: Hər bir demokratik cəmiyyətdə müstəqil məhkəmə hakimiyyəti müstəsna rol oynayır Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov
Hər bir demokratik cəmiyyətdə müstəqil məhkəmə hakimiyyəti müstəsna rol oynayır. Demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın genişləndirilməsi məqsədilə mühüm qərarlar qəbul olunur, ardıcıl tədbirlər görülür.
Şübhəsiz ki, ədliyyə və məhkəmə sisteminin inkişafı ötən dövrdə respublikamızda həyata keçirilən hərtərəfli islahatların real təzahürü kimi qiymətləndirilməlidir. Belə ki, bu gün Azərbaycan ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlərə imza atır. Dünya Bankının "Doing Business 2019" hesabatına əsasən ölkəmiz dünyada ən islahatçı on dövlətdən biri kimi müəyyən edilib.
Dövlətimizin başçısının yeni prezidentlik dövrünə nəzər yetirəndə ölkəmizdə hərtərəfli islahatların daha geniş vüsət aldığının şahidi oluruq. İnsanların rifahının yaxşılaşması, sosial xidmətlərin asan, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi sahəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə önəmli layihələrin gerçəkləşməsi xüsusi qeyd olunmalıdır.
Təbiidir ki, bu islahatlar ədliyyə orqanlarından, məhkəmə sistemindən də yan keçə bilməzdi. 2019-cu il 3 aprel tarixli Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, bu sahədə həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.
Fərmanın əsas məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirməklə onun keyfiyyətini və səmərəliliyini yüksəltmək, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadı, əlçatanlığı və fəaliyyətində şəffaflığı artırmaqdır.
Ədliyyə və məhkəmə sisteminin gələcək inkişafının strateji prioritetlərini müəyyən edən bu Fərman, həm də müstəsna əhəmiyyətə malik "yol xəritəsi" olmaqla proqram xarakteri daşıyır.
Fərman iqtisadi artımda mühüm əhəmiyyət daşıyan sahibkarlığın inkişafı, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmə fəaliyyətinə müdaxilələrin qarşısının alınması, icraatın səmərəliliyinin artırılması və süründürməçiliyin aradan qaldırılması, hakimlərin iş yükünün azaldılması və s. kimi problemlərin həlli istiqamətində qarşıya mühüm vəzifələr qoyub.
Ədliyyə işçiləri möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, demokratik hüquqi dövlət quruculuğu, Azərbaycan ədliyyəsinin davamlı inkişafı üçün bundan sonra da fədakarlıqla çalışmaq əzmindədirlər.
Həmin məsələlər təxirəsalınmadan Ədliyyə Nazirliyinin Kollegiyasında, Məhkəmə-Hüquq Şurasının geniş iclasında hərtərəfli müzakirə edilərək konkret tədbirlər müəyyənləşdirilib. Eyni zamanda, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Baş Prokurorluğun məsul vəzifəli şəxslərindən ibarət xüsusi işçi qrupu yaradılaraq qarşıya qoyulmuş məsələlər üzrə təhlillər aparılıb, beynəlxalq təcrübə öyrənilib, kompleks qanunvericilik, institusional və praktiki tədbirlərə dair birgə təkliflər hazırlanıb, digər tədbirlər həyata keçirilib.
Yeni qanunvericiliyə uyğun olaraq sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və bu sahədə işlərə daha çevik baxılmasının təmin edilməsi məqsədilə yeni ixtisaslaşmış məhkəmələr - kommersiya və ayrıca inzibati məhkəmələr təsbit olunub. Azərbaycan Prezidentinin 2019-cu il 19 iyul tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr yaradılıb. Hazırda dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq həmin məhkəmələrin yurisdiksiyasının müəyyən edilməsi, müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülür.
Yeni məhkəmələrdə konkret sahədə dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu da işlərə daha ixtisaslı, peşəkar baxılmasına, onların daha dolğun, hərtərəfli araşdırılmasına şərait yaradacaqdır. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mülki mübahisələrə yeni yaradılan kommersiya məhkəmələri, sahibkarların bütün dövlət qurumları, inzibati orqanlar ilə mübahisələrinə, o cümlədən vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə isə inzibati məhkəmələr baxacaqdır.
2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq kommersiya və inzibati məhkəmələr bu sahədə məhkəmə statistikasının təhlil edilməsində və məhkəmə təcrübəsinin öyrənilməsində də mühüm rol oynayacaq.
Yeni qanunvericiliyə uyğun olaraq sahibkarlıqla bağlı mübahisələr üzrə ixtisaslaşdırılmış məhkəmələrin yaradılması, habelə ali və apelyasiya məhkəmələrində müvafiq kollegiyaların təsis edilməsi, məhkəmə aidiyyəti üzrə mübahisələrin həllinin daha təkmil, yeni mexanizminin yaradılması ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşmasına, məhkəmələrdə süründürməçilik hallarının qarşısının alınmasına əlavə təkan olacaqdır.
Dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Fərmanında elektron məhkəmə ilə respublikanın bütün ərazisinin əhatə olunmasına və sistemin bütövlükdə ahəngdar işləməsinin təmin olunmasına yönəlmiş tapşırıqlar verilib. Artıq həmin tapşırıqların icrası üzrə zəruri tədbirlər görülür.

Fikirlər

 Oxşar xəbərlər: