Xəbər lentİ


Prezident İlham Əliyev: "Çox ciddi iqtisadi islahatlar aparırıq"

20:32, 05.04.19
74
gundem / siyaset
Prezident İlham Əliyev: "Çox ciddi iqtisadi islahatlar aparırıq" "Bildiyiniz kimi, biz indi çox ciddi iqtisadi islahatlar aparırıq. Bu islahatlar bizim maliyyə imkanlarımızı genişləndirir. Biz bu əlavə vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldirik. Beləliklə, keçən il prezident seçkilərində xalqın mənə verdiyi dəstək imkan verir ki, biz bütün vədləri icra edək. Seçkilər ərəfəsində bildirmişdim ki, biz yeni iqtisadi modelə keçid edəcəyik, bütün sosial məsələlərin həllinə çalışacağıq. Yəni, ciddi islahatların, iqtisadi və sosial sahədə islahatların anonsu prezident seçkiləri ərəfəsində verilmişdir. Seçkilərdən sonra ciddi islahatlara start verildi. Bu islahatlar çoxşaxəlidir. Siz və ictimaiyyət təbii ki, bu islahatları izləyirsiniz. Verdiyim qərarlar, imzaladığım sərəncamlar həyatımızın hər bir sahəsinə müsbət təsir göstərəcək. Ölkəmiz yeniləşir, müasirləşir".

Azərtac xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılış mərasimində deyib.

"Biz yeni iqtisadi model üzərində işləyirik və elə etməliyik ki, ölkə iqtisadiyyatı bundan sonra da dayanıqlı şəkildə inkişaf etsin. Biz bütün dövrlərdə, hətta böhranlı illərdə də sosial məsələlərə böyük diqqət göstərmişik. 2015-2016-cı illərdə dünyada baş vermiş iqtisadi böhran bütün ölkələrə təsir etmişdir, o cümlədən bizə. Təsəvvür edin, bizim gəlirlərimiz 3-4 dəfə azaldı. Yəni, faizlərlə ölçülmürdü, dəfələrlə ölçülürdü. Bu, hər bir ölkə üçün böyük imtahandır, böyük sınaqdır. Əlbəttə ki, görülən operativ tədbirlər nəticəsində biz o böhranın fəsadlarını minimum səviyyəyə endirə bildik və ondan sonra ciddi addımlar ataraq iqtisadi sabitliyi qoruya bildik, inkişaf templərinə qədəm qoyduq. Keçən il artıq iqtisadi inkişaf başlamışdır, bu ilin iki ayının yekunları var. Bu yekunlar çox müsbətdir, iqtisadi artım kifayət qədər yüksəkdir, 3 faizə yaxındır. Qeyri-neft sektorunda sənaye istehsalı 15 faizdən çox artıbdır. Əhalinin gəlirləri artır, inflyasiya çox aşağı səviyyədədir, 2 faizdən aşağıdır, istehlak qiymətlərinə çox ciddi nəzarət edilir. Yəni, demək istəyirəm ki, iqtisadi və sosial islahatların yeni mərhələsinin startı prezident seçkilərindən sonra verilmişdir və bu gün biz bunun nəticəsini görürük. Mən deyə bilərəm ki, aparılan tədbirlər nəticəsində təkcə ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb. Bu, nəyin hesabınadır - şəffaflığın, yeni yanaşmanın və islahatların. Bu, bizə imkan verir ki, bu vəsaiti vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək və bunu da etdik. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə artıb. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə verilən müavinətlər, tələbələrin təqaüdləri - bütün bunlar bunun hesabına mümkün olmuşdur. Bizim iqtisadi vəziyyətimiz imkan verir ki, bu islahatları aparaq. İslahatlar bütün sahələri əhatə edir", - deyə, dövlət başçısı vurğulayıb.
Prezident bir daha deyib ki, Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub: "Deyə bilərəm ki, bütün addımlar əhali tərəfindən yüksək qiymətləndirilir. Yerlərdən gələn məktublar və müraciətlər deməyə əsas verir ki, islahatlar xalq tərəfindən dəstəklənir, buna yüksək qiymət verilir və bu, bizə əlavə imkanlar yaradır. Biz ölkəmizi müasirləşdirməliyik, biz Azərbaycanı inkişaf etdirməliyik. Elə etməliyik ki, bütün problemlər öz həllini tapsın. İqtisadi, sosial sahələrdə, məhkəmə-hüquq, dövlət orqanları sahələrində bütün xoşagəlməz hallara son qoyulmalıdır. Azərbaycanda şəffaflıq tam təmin edilməlidir və biz buna nail olacağıq. Bu, bizə əlavə imkanlar verəcək. Büdcə daxilolmaları daha da artacaq, sosial məsələlərin həlli daha da sürətlə gedəcək.
Biz minimum əməkhaqqını və pensiyanı qaldıranda mən bildirmişdim ki, bu proses bundan sonra da aparılacaq. Çünki biz əsas infrastruktur layihələrini demək olar ki, icra etmişik. Düzdür, hələ ki, icra ediləsi layihələr var, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında kifayət qədər böyük tədbirlər nəzərdə tutulur. Ancaq biz, ilk növbədə, əsas diqqəti vətəndaşların sosial məsələlərinə yönəldəcəyik. Bunu etmək üçün, əlbəttə ki, imkanlar var. İmkanları da biz yaradırıq".

Fikirlər

 Oxşar xəbərlər: