Xəbər lentİ


“Bəzi sahibkarlar vicdan hissini itirib” - YAP-ın icraçı katibi Əli Əhmədov belə deyib

15:31, 27.10.17
676
gundem / sikayetler
“Bəzi sahibkarlar vicdan hissini itirib” - YAP-ın icraçı katibi Əli Əhmədov belə deyib Milli Məclisin üzvü Vahid müəllim Əhmədova
Açıq məktub


Vahid müəllim!
Milli Məclisdə Sizin sahibkarlıq sahələrində yoxlamaların 2021-ci ilə qədər dayandırılması barədə çıxışınızı diqqətlə oxudum. Bir mətbuat işçisi və bir vətəndaş kimi çox təəssüfləndim. Ona görə təəssüfləndim ki, Siz, eləcə də millət vəkilləri ancaq dərman preparatları və ərzaq məhsullarının istehsalı ilə məşğul olan şirkətlərdə yoxlamalar aparılacaq deyirsiniz. Bəs qalan sahələr niyə başlı-başına buraxılır? Elə götürək yanacağı, benzin satışını.
Siz doğrudanmı bilmirsiniz ki, bir çox benzin satan yanacaqdoldurma məntəqələri benzinin başına elə oyun gətirirlər ki, əlin üzündə qalır. Bilmirsən yanacağın tərkibinə nə qatırlar ki, öd qiymətinə aldığın avtomobil gözünün qabağında yerimir, yerində xoruldayır. Söhbət Vahid müəllim, belə yerdə yoxlamadan getməməlidir, nəzarətdən getməlidir. Hər bir sahədə nəzarət olmalıdır.
Vahid müəllim, mən yaxşı bilirəm ki, Siz xalqa hamıdan bir köynək yaxın adamsınız. Həqiqətin gözünə dik baxmağa bacaran ziyalısınız. Ona görə də bu açıq məktubu Sizə yazıram. Bəli, Siz də gözəl bilirsiniz ki, yanacaqdoldurma məntəqələrində həm yanacağın keyfiyyəti, həm də çəkisi düz deyil. Dünyanın hansı ölkəsində benzin vuran kalonkada rəqəm 16-dan və ya 25-dən başlayır. 1,2,3,4,5 və s. yoxdurmu? Şlanq tutan operator deyir ki, 60 qram kəsirik. Görün gündə hər maşından 60 qram benzin kəsilsə, bu nə qədər eliyər?
Kimdir günahkar? Hələ bəzi xəlvət yerlərdə 10 litr benzinin az qala yarım litrini kəsirlər.
Bu günlərdə bir Tovuzun Dondar Quşçu kəndində Paşaoil yanacaqdoldurma məntəqəsindəydim. Bir qadın piyada qışqıra-qışqıra qayıtdı ki, 3 manatlıq benzin tökdük, bir km yol aparmadı. Benzin satan kauçuk qaba benzin töküb qadınla maşının yanına getdi ki, qadını sakitləşdirsin.
Bunun adı nədi, ay Vahid müəllim? Nə vaxta qədər belə özbaşınalıqlara dözəcəyik. Sahibkar çoxlu pul qazansınmı deyə, ona belə şərait yaradılır. Yoxsa, bunun adı nədir ki, sahibkar öz bildiyini eləsin. Onu yoxlamayın, nəzarət də eləməyin. Sahibkardan soruşun ki, sən soğan yeməyibsənsə, için niyə göynəyir? Əgər sahibkar dövlətin qanununa əməl edib düzgün işləyirsə, qoy onu 10 dəfə yoxlasınlar. Burada qeyri-adi nə var? O düzgün işləmir, deyə narahatdı? O benzinin başına yüz oyun açır ki, narahatdı? Bəyəm bunu Siz bilmirsiniz?
Digər tərəfdən daş, qum karyerlərində də vəziyyət dözülməzdir. 20x40 sm kəsiləsi daş kubiklərin eni 15-16 sm-dir. 40-lıq divara belə daşların 3-4 lazım olur. Nədi əhalinin günahı?
Niyə onlar 20 sm-lik kubik əvəzinə 16-17, bəzən də 15 sm-lik kubik almalıdır? Görün belə daş kəsən sahibkar nə qədər pul qazanır. Bu cür qanunsuzluğun nəticəsidir ki, bir Kamaza 700 yox, 900 kubik yığılır. İtirən isə bədbəxt alıcıdır. Siz isə əhalini aldadan sahibkarı müdafiə edirsiniz? Niyə?
Niyə imkan vermirsiniz əlaqədar təşkilatlar nəzarət edib, haqqı nahaqqın ayağına verməsinlər.
Kolbasa, sosiska sahəsində də lap biabırçılıqdır. Hər gün rastlaşdığımız bu neqativ halların qarşısını Gigiyena və Epidemiologiya Mərkəzləri ala bilmirlər.
GEM-in direktoru deyir ki, yoxlamaya icazə vermirlər. Əgər sanitar nəzarəti həyata keçirən təşkilat GEM-ə bunu qadağan edibsinizsə, hər rayonda 100-dən çox sanitar həkim işçi dövlətdən niyə maaş almalıdır?
Müqayisə üçün deyək ki, yoxlamanın, daha doğrusu nəzarətin olmaması ucbatından bu ilin 8 ayı ərzində Azərbaycanda 385 nəfər zəhərlənib. 3 nəfər isə ölüb. Qonşu Gürcüstanda isə GEM neçə ildir ləğv olunub, orada isə 27 nəfər zəhərlənib. Bu rəqəm Sizə bir şey deyirmi, cənab Vahid Əhmədov.
Bizim respublikada isə Gigiyena və Epidemilogiya Mərkəzlərinin hər rayonda 100-dən çox işçisi var. Heç biri də işə gəlmir, evdə oturub maaş alır və s. və i.
GEM direktorları ilə deyir ki, yoxlamanı dayandırıblar. Onda “Salamatlıq haqda Qanun” kimə və nəyə lazımdır, ay Vahid müəllim! Nə vaxta qədər GEM-in işçiləri kabinetdə oturub havayı pul qazanmalıdır. Niyə qonşu Gürcüstandan əhalini xeyrinə olan işlərdən nümunə götürmürük?

Hörmətlə:
Lətif Süleymanlı

Fikirlər

 Oxşar xəbərlər: